FRANSA İLƏ AZƏRBAYCAN ARASINDA MƏDƏNİ ƏLAQƏLƏR GENİŞLƏNİR
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və muzey mərkəzinin direktoru Liana Vəzirova proqrama uyğun olaraq iyunun 21-dən 28-dək Parisdə olmuş, faydalı görüşlər keçirmişlər. S.Məmmədəliyeva AZƏRTAC-ın müxbirinə verdiyi müsahibəsində bildirmişdir ki, səfər çərçivəsində onlar Parisdəki Tokio incəsənət muzeyinin iş təcrübəsi ilə yaxından tanış olmuş, əməkdaşlar ilə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparmışlar.
Parisdəki musiqi şəhərciyi ilə tanışlıq Azərbaycan nümayəndə heyətində böyük maraq doğurmuşdur. Şəhərciyin musiqi alətləri muzeyində Fransa ilə yanaşı dünyanın bir çox ölkələrinin qədim və müasir musiqi alətləri də nümayiş etdirilir. Əlamətdar haldır ki, həmin muzeydə xalqımızın qədim musiqi alətlərindən olan tar, kamança, saz və qavaldan ibarət xüsusi guşə də yaradılmışdır.
Jorj Pompidu mərkəzində Fransanın müasir incəsənətini özündə əks etdirən kolleksiyalarla tanışlıq gələcək əməkdaşlıq baxımından faydalı olmuşdur.
Səfərin sonunda Azərbaycan nümayəndə heyəti Fransa muzeylərinin baş direktorları ilə görümüşdür. Görüşdə son zamanlar Fransa və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişaf etdiyi xüsusi vurğulanmış, respublikamızda muzey menecmenti sahəsinin yaradılması və inkişafı üçün Fransa tərəfinin yardımı, bu sahə ilə bağlı konfrans və seminarların keçirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Bu sahəni öyrənmək məqsədi ilə Fransa dövlətinin vəsaiti hesabına bir neçə azərbaycanlı ekspertin altı aylıq və ya bir illik kurslarda iştirakı qərara alınmışdır.