FRANSA PREZİDENTİ JAK ŞİRAK AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRMİŞDİR
Məktubda deyilir ki,
Cənab Prezident, əziz dost, may ayının 10-da Avropa Şurasının siyahısında adları olan bir çox məhbusları da əhatə edən əfv Fərmanı imzalamısınız. Sizin milli həmrəyliyə yönəlmiş iradənizin təsdiqi olan belə insanpərvər addımınızı alqışlamağı özümə borc bilirəm. Əmin olun ki, Fransa bu işin davam etdirilməsində, eləcə də, plüralist siyasi cəmiyyətin qurulmasında kömək etmək üçün həmişə Sizin yanınızda olacaqdır.
Cənab Jak Şirak ümidvar olduğunu vurğulayır ki, həyata keçirilməsi üçün Fransanın çoxlu səylər göstərdiyi təşəbbüs - Azərbaycanın və digər Cənubi Qafqaz ölkələrinin yeni “Avropa qonşuluq siyasəti”nin tətbiq dairəsinə daxil olunması yaxın həftələrdə konkretləşəcəkdir. Bilirəm ki, Siz Avropa Birliyinə inteqrasiyaya böyük əhəmiyyət verirsiniz və Brüsselə səfəriniz zamanı bunun bir daha şahidi olduğumu məmnunluqla qeyd edirəm.
Məktubda deyilir ki, bu inteqrasiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əldə olunacaq irəliləyişlər sayəsində daha da sürətlənəcəkdir. Minsk qrupunun dəstəyi ilə şəxsən Sizinlə Ermənistan Prezidenti arasında, eləcə də, hər iki ölkənin xarici işlər nazirləri arasında dialoqun yenidən başlanması ümidverici amildir. Fransa Prezidenti yazır ki, bu, bizim hamımıza maneələri və əngəlləri aradan qaldırmaq məqsədi ilə təxəyyülümüzdən istifadə etmək üçün imkan yaratmalıdır.
Jak Şirak məktubunun sonunda Azərbaycan Prezidentinə ən yüksək hörmət hissləri bəslədiyini vurğulayır.