REGİONLAR
FRANSADA KƏND TƏSƏRRÜFATI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Toplantıda Avropa Komissiyası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı nümayəndələrinin, bu qurumların dabaq xəstəliyinə qarşı mübarizədə yardım göstərdiyi ölkələrin (Cənubi Qafqaz bölgəsinin hər üç dövləti, Türkiyə və Rusiya) təmsilçilərinin müzakirə olunan məsələ ilə əlaqədar çıxışları dinlənilmiş və geniş fikir mübadiləsi aparılmışdır. Xəstəliklərlə mübarizənin davam etdirilməsi məqsədi ilə 2004-cü ilin sonlarına yaxın region ölkələrinə əlavə vaksin göndərilməsi, Cənubi Qafqaz dövlətlərinin ərazisində tədbirin keçirilməsinin məqsədəuyğunluğu qeyd edilmişdir.
Tədbirdə ölkəmizi təmsil etmiş kənd təsərrüfatı naziri vəzifəsini icra edən İrşad Əliyev və Baytarlıq xidmətinin rəisi Ramiz Səfərov müzakirələrə qatılmış, bu sahədə respublikamızda aparılan işlər barədə məlumat vermişlər.
Toplantının işində ölkəmizin Fransadakı səfiri E.Hüseynova da iştirak etmişdir.
X X X
Fransanın Monpelye şəhərində isə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 34-cü regional konfransı keçirilmişdir.
Konfransda Avropada sanitar təhlükəsizliyi, ərzağın keyfiyyəti, qidalanma, kənd təsərrüfatı üçün yararlı torpaqların vacibliyi, kənd təsərrüfatı sahəsində aparılan elmi-tədqiqat işləri və onların davamlı inkişafda rolu məsələləri üzrə müzakirələr aparılmışdır. Konfransın işində quruma üzv olan 40 ölkənin və Avropadakı müxtəlif təşkilatların, habelə müşahidəçi statusu ilə çoxsaylı qeyri-hökumət qurumlarının nümayəndələri iştirak etmişlər.
İ.Əliyev və R.Səfərov ölkəmizə dair müvafiq məlumatları konfransın katibliyinə təqdim etmiş və nümayəndələr arasında yaymış, digər ölkələrin təmsilçiləri ilə fikir mübadiləsi aparmışlar. Nazir İrşad Əliyev Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Cak Diufla görüşmüşdür. Görüş zamanı əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.
Avropa üzrə növbəti regional konfransın 2006-cı ildə Latviyanın paytaxtı Riqa şəhərində keçirilməsi qərara alınmışdır.