Fransada qalmaqal: Xüsusi orqanlar Çin siqnal bloklayıcılarından istifadə edir
Ankara, 26 noyabr, AZƏRTAC
Fransada Çinin LZ Tech şirkəti tərəfindən hüquq-mühafizə və kəşfiyyat orqanları üçün istehsal edilən siqnal bloklayıcılarının (jammer) alınması ilə bağlı qalmaqal qızışır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin HaberGlobal xəbər kanalının reportajında deyilir. Məlumata əsasən, siqnal bloklayıcılarının alınması barədə qərar Fransa Müdafiə Nazirliyinin (DGA) Silahlanma İdarəsi tərəfindən verilib.
Kanalın məlumatına görə, Pekində yerləşən şirkət tərəfindən istehsal edilən bloklayıcılar artıq Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinə (DGSE) və Daxili İşlər Nazirliyinə təhvil verilib. “Məlumat Fransa strukturları arasında münasibətlərdə böhrana səbəb olub. Müdafiə Nazirliyi radioelektron mübarizə və çip texnologiyaları sahəsində Çindən asılılığına görə tənqid olunub. Fransada istifadə edilən radarların və bloklayıcıların təxminən 35 faizinin Çində istehsal olunduğu məlum olub”, - deyə HaberGlobal qeyd edir.
Reportajda bildirilir ki, DJ32-P portativ siqnal bloklama cihazlarının və Çin istehsalı olan DFJ stasionar modellərinin məqsədlərindən biri 30 MHz-6 GHz diapazonunda üç kilometrə qədər məsafədə dronlarla mübarizə aparmaqdır. Bu sistemlər şəhər ərazilərində etirazları yatırmaq, eləcə də diplomatik nümayəndəliklərin və hərbi obyektlərin təhlükəsizliyini təmin etmək üçün fəal şəkildə istifadə olunur.
Kanal qeyd edir ki, DGSE rəhbərliyi Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətlə hesabat hazırlayıb və sənədi Yelisey Sarayına təqdim edib.
Qeyd olunur ki, LZ Tech ilə yanaşı, Fransa müdafiə strukturlarının CEC Systems və Beijing Micro Info Tech də daxil olmaqla digər Çin şirkətləri ilə müqavilələri var.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara