Fransanın Ermənistanı dəstəkləməsi regionda geosiyasi savaşlara yol açan bir mövqedir - Politoloq
Bakı, 20 fevral, AZƏRTAC
1963-cü ildən mütəmadi olaraq keçirilən Münxen Təhlükəsizlik Konfransı (MTK) müasir beynəlxalq münasibətlər sisteminə dair problemlərin müzakirəsi, araşdırılması, həll yollarının təklif olunması ilə yadda qalır. Tanınmış dünya liderləri də Konfransın əsas iştirakçıları kimi burada iştirak etdilər. Azərbaycan Prezidenti İlham Əliyev də mühüm məsələləri müzakirə etmək üçün Münxen Konfransının iştirakçıları sırasında idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
“MTK-da çıxış edən Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) islahatlara ehtiyac olduğu barədə fikirlər səsləndirdi. Azərbaycanın da TŞ-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsinə şahidlik edən dövlətlərdən biri olması maraqlı cəhətlərdən biridir. Bu qətnamələr isə Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə hərbi yolla icra edildi.
Bundan əlavə, E.Makron Rusiyanı imperiya maraqlarından əl çəkməyən dövlət adlandırdı. Digər mühüm məsələ bundan ibarətdir ki, Fransa Prezidenti Rusiya ilə Qərbin Qafqazda və Yaxın Şərqdə maraqlarının toqquşduğunu da qeyd edib. Lakin təəssüf doğuran bir məsələ var ki, E.Makron və Fransa dövləti Ermənistanı açıq şəkildə dəstəkləyir, onu himayə edir. Bu isə Cənubi Qafqaz regionunda geosiyasi savaşlara yol açan bir mövqedir. Həmçinin regionda təhdidlərin daha da genişlənməsinə hesablanıb”, - deyə İ.Hüseynov vurğulayıb.
Politoloq qeyd edib ki, E.Makronun bütün iclas iştirakçıları qarşısında dediyi “Ermənistan baş nazirinin yanında olmağa davam edəcəyik” fikirləri geniş şəkildə Fransanın birtərəfli mövqeyini təcəssüm etdirir. Artıq bu cür dövlət heç bir vəchlə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında vasitəçi kimi çıxış edə bilməz.
Makronun fikirlərindən onu da anlamaq olurdu ki, Rusiya əgər müharibədə məğlub olarsa, o zaman Fransa siyasi, iqtisadi, humanitar münasibətlərə məsul olacaq. Yəni, bu cür yanaşma tamamilə qəbuledilməzdir. Yeni dünya nizamında Fransa öz rolunu daha da genişləndirmək niyyətindədir. MTK-da E.Makronun çıxışı zamanı, həmçinin bu da hiss edilirdi ki, Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəiflədilməsi fonunda Fransa bu yerləri ələ keçirməyə çalışır. Ona görə də belə görünür ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri böyük coğrafiyalarda da öz təsirini göstərəcək.
“Fransa Ermənistanı dəstəkləyirsə, Azərbaycan da preventiv tədbirlərini icra edərək, bütün prosesləri diqqətdə saxlamalıdır. Çünki bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Eyni zamanda, Avropada kifayət qədər bizim mövqelərimizi dəstəkləyən tərəfdaşlarımız vardır və strateji münasibətləri özündə ehtiva edən siyasi əlaqələrimiz mövcuddur. Ona görə də bu əlaqələri daha da möhkəmləndirməliyik ki, Avropa məkanında dəstəkçilərimizin, tərəfdaşlarımızın sayı daha da çox olsun”, - deyən politoloq fikirlərini yekunlaşdırıb.