FRANSUA MİTTERANIN NİKAHDANKƏNAR QIZI ATASININ İŞİNİ DAVAM ETDİRƏCƏK
Mazarinə Mitteranın siyasi müttəfiqləri, o cümlədən onun hökumətinin sabiq naziri Loran Katala kömək etməyə hazırdırlar. Güman edilir ki, Mazarin Milli Məclisə seçkilərə Katalanın əvəzedicisi və ya müavini kimi gedəcəkdir. Fransa qanunlarına görə, hər hansı deputat ona icra hakimiyyəti orqanlarında vəzifə təklif olunması ehtimalı üçün bu cür əvəzediciyə malik ola bilər.
Mazarinin anası Anna Pinjo ilə Fransua Mitteranın əlaqəsi hələ onun prezidentliyindən əvvəl başlamışdı. Fransa rəhbəri öz məşuqəsi ilə ölümünədək əlaqə saxlamışdır. Onların sevgisindən, əslində, bütün rəsmi dairələr xəbərdar idi.
Hazırda Mazarin Pinjo-Mitteran fəlsəfədən dərs deyir, eyni zamanda ədəbi tənqidçi işləyir. 2005-ci ildə öz “məxfiləşdirilmiş” uşaqlıq illəri haqqında “Kilidli ağız” adlı xatirələr kitabı buraxmışdır. Kitabda o, camaat arasında Mitterana “ata” deməsinin ona nə səbəbdən qadağan edildiyindən, habelə 1994-cü ilin noyabrında “Pari maç” jurnalı Mitteranın şəxsi həyatının sirrini açanda nə kimi hisslər keçirdiyindən danışır.
Fransua Mitteranın qanuni nikahdan iki oğlu olmuşdur. Böyük oğlu Jilber Bordoda Liburn şəhərinin meridir. Kiçik oğlu Jan-Kristof atasının sağlığında onun Afrika məsələləri üzrə baş müşaviri olmuşdur.