Futzal üzrə “Novruz kuboku”na yekun vurulub
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Novruz kuboku” regional futzal turnirinə yekun vurulub. Oyunlar 2 qrup üzrə Şirvan və Gəncə şəhərlərində keçirilib.
Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, qərb bölgəsi üzrə Gəncə İdman Olimpiya Kompleksində keçirilən oyunlarda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci və Şəki Dövlət Regional Kollecinin komandaları iştirak edib.
Keçirilən oyunların nəticələrinə əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti 1-ci, Gəncə Dövlət Universiteti 2-ci, Mingəçevir Dövlət Universitetinin komandası 3-cü yerin sahibi olub.
Qeyd edək ki, martın 4-də start götürən turnirdə ümumilikdə 13 komanda iştirak edib.
Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilib.
Turnirin keçirilməsində məqsəd Azərbaycan Tələbə Liqasında çıxış etməyən Bakının, eləcə də bölgələrdəki ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala marağını artırmaq, onlar arasında futzal idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.