REGİONLAR
Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB FOTO
Füzuli, 18 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün Füzuliyə qayıdan keçmiş məcburi köçkün ailələrə (30 ailə) mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələr qarşılandıqdan sonra mənzillərin açarları təqdim edilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak edib.
Bununla da Füzuli şəhərində 1519 nəfərin (410 ailə) daimi məskunlaşması təmin olunub.
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
12:46
Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün Yeni ilin ilk köç prosesi həyata keçirilib. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr işğaldan azad olunan Füzuliyə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 30 ailə olmaqla, 127 nəfər doğma yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar.
Yeni köçən ailələr daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək, doğma yurdlarına qayıdışın sevinc hisslərini paylaşıblar.