“Gardashlar Mebel” “YAŞAT” Fonduna vəsait köçürüb
Bakı, 17 dekabr, AZƏRTAC
“Gardashlar Mebel” şirkəti ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna vəsait köçürüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Gardashlar Mebel” hər zaman xeyriyyə kampaniyalarında yaxından iştirak edib. Şirkət daha öncə Koronavirusla Mübarizəyə Dəstək Fondu və Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna da müəyyən məbləğdə ianə köçürüb.
“Gardashlar Mebel” şirkəti olaraq ölkədə fəaliyyət göstərən bütün sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edirik. Biz hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin və xalqımızın yanındayıq. 44 günlük Vətən müharibəsi zamanı bir sıra əməkdaşlarımız torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşularaq könüllü döyüş bölgəsinə yollanıb. Bu müddətdə şirkət əməkdaşların iş yeri və əməkhaqqını tam saxlayıb, eyni zamanda, ailə üzvlərinin maddi vəziyyəti ilə yaxından maraqlanıb”, - deyə şirkətin rəhbəri Əli Mirzəyev bildirib.
Qeyd edək ki, “YAŞAT” Fondunun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Hazırda pandemiya ilə əlaqədar olaraq “Gardashlar Mebel” fəaliyyətini onlayn formada davam etdirir.