GDU-nun 66 tələbəsi “Code Academy” layihəsini uğurla başa vurub
Gəncə, 4 iyul, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Code For Future” layihəsi çərçivəsində icra olunan “Code Academy” layihəsinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Code Academy” tədris müəssisəsinin təsisçisi və direktoru Ülvi Aslanov çıxış edərək, layihəni uğurla bitirən məzunları təbrik edib. Azərbaycan Respublikası Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstək verdiyi layihənin 2022-ci ildən daha da genişlənərək regionlarda da icra olunduğunu diqqətə çatdırıb və Gəncə Dövlət Universitetində 2022-2023-cü tədris ilinin yaz semestrində 66 tələbənin layihə üzrə məzun olduğunu qeyd edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal təhsil layihələri üzrə keyfiyyətə nəzarət, monitorinq və qiymətləndirmə üzrə məsul şəxsi İbrahim Qədirov layihənin üstünlüklərindən danışaraq, informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasının əmək bazarının tələbi olduğunu vurğulayıb.
Sonra tədrisi başa vuran GDU tələbələrinin hazırladıqları layihələrin təqdimatı keçirilib.