Gədəbəydə xalçaçılıq təlim mərkəzi fəaliyyətə başlayıb VİDEO
Gədəbəy, 6 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Gədəbəydə xalçaçılığın inkişafı üçün münbit şərait var. Qız-gəlinlərin xalçaçılıq kimi qədim peşəyə sahiblənmələri üçün ilk növbədə, onların bu sənətin sirlərini öyrənmələri vacib şərtlərdəndir. Bunun üçün rayonda fəaliyyət göstərən şirkətlərdən birinin təşəbbüsü ilə qızlar üçün xalçaçılıq təlim mərkəzi açılıb. Mərkəzə müraciət edən xanımların sayı gündən-günə artmaqdadır.
AZƏRTAC xəbər verir ki, Gədəbəydə korporativ sosial məsuliyyət layihələri çərçivəsində açılan xalçaçılıq təlim mərkəzində yaşı 16-dan yuxarı gənc qızlara xalçaçılığın sirləri öyrədilir. Gənc xalçaçıların yetişməsində təlimlərə xarici mütəxəssislər də cəlb olunub.
Şirkət rəsmisi İlham Xəlilov bildirib ki, təxminən bir ay əvvəl yaradılmış mərkəzə hazırda 20-ə yaxın evdar xanım işə cəlb olunub: “Məqsəd onlara xalçaçılıq sənətini öyrətməklə, həm də özünüməşğulluğun təmin edilməsinə nail olmaqdır”.
Xammal, avadanlıq və lazımi digər şəraitlə təmin edilən mərkəzdə, həmçinin xalçaçı mütəxəssislər də təlimçi kimi çalışır. Xaricdən dəvət edilən mütəxəssislər burada xalça sənətinin sirlərini səbirlə, xırda detallara fikir verməklə iştirakçılara öyrədir.
Layihə çərçivəsində şirkət əməkdaşları yerli sakinlərlə görüşür, xanımların xalçaçılığa marağını nəzərə alaraq onların təlimlərdə iştirakını təmin edirlər. Gələcəkdə isə xalça toxumağı sərbəst öyrəndikdən sonra xalçaçılıq avadanlıqları ilə evlərdə təmin edilərək müstəqil şəkildə evdə çalışacaqlar. Toxunulan xalçaların satışında da xanımlara kömək göstəriləcəyi nəzərdə tutulub.
“Mən artıq bir həftədir bura gəlirəm və xeyli irəliləyiş var. Mütəxəssislər bizi hövsələ və səbirlə öyrədirlər. Xalçaçılıq sənəti çox gözəl sənətdir. Çox bəyənərək gəlirəm, çox da razıyam”, - deyə xalçaçılıq təliminin iştirakçısı Xalidə Dikanayeva bildirib.
Hazırda Gədəbəy xanımları bu təlim mərkəzinə böyük maraq göstərir və xalçaçılığın sirlərini öyrənmək üçün təlimlərdə iştirak etmək istəyirlər.