GƏLƏN İLİN DÖVLƏT BÜDCƏSİ TƏSDİQ EDİLMİŞDİR
Milli Məclisin sədri Murtuz Ələsgərov demişdir ki, gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı deputatlar bəzi problemlər barədə hökumət qarşısında məsələ qaldırmış və onların həlli ilə bağlı təkliflər irəli sürmüşlər. Hökumət həmin təkliflərin bəzilərini nəzərə almışdır.
Maliyyə naziri Əvəz Ələkbərov bildirmişdir ki, verilən təkliflər təhlil olunmuş, qaldırılan məsələlərlə bağlı Prezident İlham Əliyevə məruzə edilmiş, vacib olanların büdcəyə yenidən baxılması hesabına həlli barədə dövlət başçısından müvafiq tapşırıqlar alınmışdır.
Təkliflər nəzərə alınmaqla, 2006-cı ilin dövlət büdcəsində bir sıra dəyişikliklər edilmişdir. Belə ki, dövlət büdcəsinin gəlirləri 2 milyon manat azaldılaraq, 3406,3 milyon manat, xərcləri 28 milyon manat artırılaraq 3594,3 milyon manat, büdcə kəsiri 30 milyon manat artırılaraq 188 milyon manat və ya ümumi daxili məhsulun 1,3 faizi həcmində müəyyənləşdirilmişdir. Büdcə kəsirinin qısamüddətli dövlət istiqraz vərəqələrinin buraxılışı hesabına 30 milyon manat artırılması da məqsədəuyğun sayılmışdır. Layihədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən alınan dividentlərin 2 milyon manat azaldılması da nəzərdə tutulur.
Növbəti ilin əsas maliyyə sənədində, həmçinin, əmanətlərin indeksləşməsi, diasporun inkişaf etdirilməsi və digər sahələr üçün xərclərin məbləği əsaslı surətdə artırılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 500 min manat artırılması, dövlət büdcəsi gəlirlərinin 2 milyon manat azaldılması hesabına icmal büdcənin gəlirləri 1,4 milyon manat azaldılaraq, 4255,2 milyon manat, xərcləri 28,5 milyon manat artırılaraq 4585,6 milyon manat, kəsiri 30 milyon manat artırılaraq 330,5 milyon manat olacaqdır ki, bu da ümumi daxili məhsulun 2,3 faizini təşkil edəcəkdir.
Sonra “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” və büdcə paketinə daxil olan digər qanun layihələri səsə qoyularaq təsdiqlənmiş, iclasın gündəliyindəki digər məsələlərə də münasibət bildirilmişdir.