Gəlirlərin artması insanların daha çox kredit götürmək imkanlarını da genişləndirir -Ekspert rəyi
Bakı, 11 avqust, AZƏRTAC
Bankların kredit portfelinin artmasının və kreditləşmənin ilbəil genişlənməsinin müxtəlif səbəbləri var. Bu amillərdən biri əhalinin gəlirlərinin artmasıdır. Gəlirlərin artması insanların daha çox kredit götürmək imkanlarını da genişləndirir. Cari ilin 6 ayında əhalinin nominal gəlirləri 9,8 faiz artıb.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
O bildirib ki, digər tərəfdən, əhalinin maliyyə davranışında da müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, istehlakın yalnız faktiki gəlirlər hesabına deyil, gələcək gəlirlər nəzərə alınmaqla maliyyələşdirilməsi meyli artır. Bu da kreditlərə tələbin formalaşmasına təsir edən amillərdən biridir.
Ekspertin sözlərinə görə, maliyyə alətlərinin genişlənməsi və kredit məhsullarının daha əlçatan olması da kreditləşmənin artmasına təsir göstərir. Xüsusilə banklar tərəfindən onlayn kreditlərin, müxtəlif kredit xətlərinin təqdim edilməsi, eləcə də rəqəmsal platformalar vasitəsilə kredit əldə etmə prosesinin sadələşdirilməsi maliyyə xidmətlərinə çıxışı genişləndirir. Əhalinin gəlirlərinin şəffaflaşması və rəsmiləşməsi də kreditləşmənin artmasına şərait yaradır. Belə ki, gəlirlərin rəsmiləşməsi bankların müştərilərin ödəmə qabiliyyətini daha düzgün qiymətləndirməsinə və onlara daha geniş kredit imkanları təqdim etməsinə imkan verir.
Xalid Kərimli qeyd edib ki, kreditlərin hansı məqsədlə istifadə olunması da mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əgər kreditlər mənzil, təhsil, biznesin genişləndirilməsi və digər uzunmüddətli fayda yaradan investisiyaların maliyyələşdirilməsinə yönəldilirsə, bu, iqtisadiyyat üçün müsbət nəticələr verə bilər. Maliyyə inklüzivliyinin artması və maliyyə xidmətlərinin daha geniş əhali qrupları üçün əlçatan olması da uzunmüddətli perspektivdə iqtisadi fayda yaradır.
“Digər tərəfdən, kreditlər cari istehlak xərclərinin qarşılanmasına, yəni əhalinin mövcud gəlirlərinin aylıq istehlakı təmin etmədiyi halda yaranan fərqin kredit hesabına bağlanmasına yönəldilirsə, bu, borc yükünün artmasına və maliyyə risklərinin yüksəlməsinə səbəb ola bilər”, - deyə ekspert vurğulayıb.
O, əhaliyə kredit götürərkən maliyyə imkanlarını və gələcək ödəniş qabiliyyətini nəzərə almağı tövsiyə edib. Qeyd edib ki, kredit faizlərlə geri qaytarılmalı olan borc öhdəliyidir və bu səbəbdən kredit qərarı verilərkən ödənişlərin gələcək gəlirlərlə uyğunluğu diqqətlə qiymətləndirilməlidir. Maliyyə sektorunun genişlənməsi, maliyyə xidmətlərində rəqəmsal həllərin tətbiqi, onlayn kredit məhsullarının artması, əhalinin gəlirlərinin yüksəlməsi və rəsmiləşməsi, eləcə də istehlakçı davranışındakı dəyişikliklər kreditlərə müraciətlərin və bankların kredit portfelinin böyüməsini şərtləndirən əsas amillər sırasında yer alır.