Gənc mütəxəssislər üçün onlayn seminarlar keçirilib
Bakı, 3 fevral, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera mərkəzləri (GİKM) və gənclər evlərinin nümayəndələri üçün marketinq və PR üzrə onlayn təlimlər keçirilib.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, təlim proqramında Biləsuvar, Şəmkir, Qazax mərkəzləri, Binəqədi, Xəzər və Mingəçevir Gənclər evlərinin nümayəndələri iştirak ediblər.
Təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ən həssas uşaqlar üçün icma və ailə əsaslı inteqrasiya olunmuş sosial xidmətlərin inkişafı” layihəsi çərçivəsində reallaşdırılıb. Həmçinin bu təlim “İctimaiyyətlə əlaqələr və marketinq strategiyası üzrə gənclər evləri üçün layihələrin işlənib hazırlanmasına, sınaqdan keçirilməsinə və yayılmasına dəstək” proqramının tərkib hissəsi kimi “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və PART Agentliyi tərəfindən UNICEF-in Azərbaycan nümayəndəliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu ilə birgə həyata keçirilib.
Proqram çərçivəsində bloqer Vəfa Əli “GİKM və Gənclər evləri influenser məktəbi kimi”, təhsil eksperti Anar Məmmədov “Nəticəyönümlü ol”, dizayner Rəhim İsmayılov “Gənclər nəyi görmək istəyir”, PR və kommunikasiya üzrə ekspert Pərvin Piriyev isə “Strateji baxış” mövzularını tədris ediblər. Təlim zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, “İctimaiyyətlə əlaqələr və marketinq strategiyası üzrə gənclər evləri üçün layihələrin işlənib hazırlanmasına, sınaqdan keçirilməsinə və yayılmasına dəstək” proqramının 16 ay müddətində həyata keçirilməsi nəzərdə tutulub. Proqram çərçivəsində Gənclər evlərinə, Gənclərin İnkişaf və Karyera mərkəzlərinə marketinq və PR istiqaməti üzrə dəstək göstərilir.