CƏMİYYƏT
Gənc rəssamların əl işləri “Bakı-2017”də iştirak edəcək ölkələrin nümayəndə heyətlərinə təqdim olunacaq
Bakı, 3 may, AZƏRTAC
Paytaxtın Yasamal parkında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Abşeron Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gənc rəssamların iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək dövlətlərə məxsus bayraqların rəsmlərindən ibarət sərgi təşkil olunub.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə gənc rəssamlar iştirakçı dövlətlərin bayraqlarını əks etdirən şəkilləri püşk vasitəsilə seçərək çəkiblər. IV İslam Həmrəyliyi Oyunlarına dəstək xarakteri daşıyan bu tədbirdə çəkilmiş bayraqlar İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən həmin dövlətlərin nümayəndə heyətinə xatirə hədiyyəsi kimi təqdim olunacaq.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirib, bu yarışların, ilk növbədə, İslam həmrəyliyinin gücləndirilməsində müstəsna rol oynayacağını vurğulayıblar.
Sonda sərgidə iştirak etmiş gənc rəssamlara Baş İdarə tərəfindən sertifikatlar təqdim olunub.