GƏNC TEXNİKLƏR BACARIQLARINI NÜMAYİŞ ETDİRMİŞLƏR
Respublika Təhsil Nazirliyinin Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə təşkil etdiyi gənc texniklərin respublika müsabiqəsinin Gəncədə keçirilən növbəti mərhələsi başa çatmışdır. Müsabiqədə iştirak edən gənc texniklər düzəltdikləri müxtəlif təyyarə, gəmi modellərini və məişət radiotexnikası cihazlarını nümayiş etdirmişlər. Yarışlar başa çatdıqdan sonra müsabiqədə iştirak edən gənc texniklərlə görüş keçirilmişdir. Təhsil Nazirliyinin şöbə müdiri İndira Hacıyeva qaliblərin adını elan etmişdir. Fərqlənən ən yaxşı modellər final mərhələsinə vəsiqə almışlar.