Gəncə MKTİB: Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilir
Gəncə, 13 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Yağan qar və şaxtalı hava Gəncə şəhərində də avtomobillərin və piyadaların hərəkətinə maneə yaradıb.
Mövcud durumla əlaqədar olaraq AZƏRTAC-ın bölgə müxbiri Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (MKTİB) müraciət edib, yolların təmizlənməsi istiqamətində görülən işlərlə maraqlanıb.
MKTİB-dən bildirilib ki, şəhər ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə bağlı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları vasitəsilə səhər saatlarından başlayaraq yolların, eləcə də piyada səkilərinin qardan təmizlənməsi işləri aparılır. Qurumun anbarlarına tədarük olunan qum və duzdan istifadə edilməklə, şəhərin yolları və piyada səkiləri buzdan təmizlənir. Qarlı və şaxtalı hava hökm sürməsinə baxmayaraq, görülən tədbirlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilir.
“Gücləndirilmiş iş rejimi ilə bağlı olaraq MKTİB-nin 14 Mənzil İstismar İdarəsinin hər birinə, əraziləri üzrə binaların qarşısını və səkiləri qardan təmizləmək üçün lazımi sayda kürək, bel, işçilərə isə xüsusi qış geyimləri paylanılıb. Hava şəraitinin gecə saatlarına doğru şaxtalı olması və yolların buz bağlaması nəzərə alınaraq Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi müxtəlif təyinatlı yeni texnikaları növbəlilik əsasında yollara qum-duz qarışığı səpirlər”, - deyə məlumatda qeyd olunub.