Gəncə şəhərlərarası əməkdaşlığın genişləndirilməsi təşəbbüslərinə qoşulub
Gəncə, 27 iyul, AZƏRTAC
Özbəkistanın Səmərqənd şəhərində ilk dəfə olaraq “Qardaş şəhərlər” Beynəlxalq Forumu təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumda iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, dünyanın müxtəlif ölkələrinin şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi, xalq diplomatiyasının inkişaf etdirilməsi, qarşılıqlı etimad və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından Forum mühüm əhəmiyyətə malikdir.
Tədbirlər çərçivəsində təşkil olunan “Şəhərlərin imkanları” sərgisində Özbəkistanın şəhərlərinin mədəni, elmi, sənaye, xidmət, logistika, turizm və infrastruktur potensialı xarici və yerli investorlara təqdim edilib.
Forumdan sonra “Dostluq ağacı” adlı ağacəkmə aksiyası keçirilib. Bu təşəbbüs şəhərlər arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafına verilən önəmin rəmzi hesab olunur.
Qeyd edək ki, 2023-cü ildə Gəncə ilə Səmərqənd arasında ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Müxbir - Elcan Məmmədov