Gəncədə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Bakı, 5 dekabr, AZƏRRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhər sakinləri 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Orxan Sadıqov saxlanılaraq şəhər baş polis idarəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T.Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus şəhər ərazisindəki fərdi evinə baxış keçirildikdə 1 kiloqram 56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.
Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyənləşdirilib. Yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı onun üzərindən 15 kağız bükümlərdə ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırılmış ümumi çəkisi 4 kiloqram 25 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.