Gəncədə oftalmologiya sahəsinin inkişafı ilə bağlı müzakirələr aparılıb
Gəncə, 31 oktyabr, Elcan Məmmədov. AZƏRTAC
Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində XIV Regional Konfrans keçirilib. Artıq ənənəyə çevrilən və hər il ölkənin müxtəlif bölgələrində təşkil olunan bu tədbir oftalmoloji xidmətlərin regionlarda inkişafı, həkimlər arasında elmi-praktik əməkdaşlığın genişləndirilməsi, o cümlədən müasir tibbi texnologiyaların tətbiqinin təşviqi məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, konfransın əsas məqsədi oftalmologiya sahəsində aparılan son elmi tədqiqatların nəticələrini, yeni texnologiyaları və innovativ müalicə üsullarını təqdim etmək, həmçinin bu yeniliklərin praktiki tibbi fəaliyyətə tətbiqi imkanlarını müzakirə etmək və region həkimlərinin iştirakını təmin etməkdir. Tədbir region və paytaxt oftalmoloqları arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə, ölkə üzrə oftalmoloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edib.
Konfransda paytaxt və regionlardan olan tanınmış mütəxəssis və alimlər iştirak ediblər.
Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini tibb elmləri doktoru Hicran Namazova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərli, Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin müdiri, tibb elmləri doktoru Yazgül Abdıyeva, həmçinin tibb üzrə fəlsəfə doktorları - Fərəh Abduləliyeva, dosent Qurban İsmayılov, tibb elmləri doktoru Nizami Bağırov, tibb üzrə fəlsəfə doktorları Səbinə Məcidova, Qafar Tağıyev və həkim Emin Əlihüseynli moderator qismində çıxış ediblər.
Konfransda həkimlər və tibb alimləri - Ceyhun Nəzərli, Yazgül Abdıyeva, Mirana Mirişova, Fərəh Abduləliyeva, Emin Əlihüseynli, Qafar Tağıyev, Günay Əliyeva, Elçin Əsgərov, Ramilə Əhmədova, Şəfaqət İmranova və Səbinə Quliyeva tərəfindən müxtəlif mövzularda məruzələr təqdim olunub.
Məruzələr “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının 20 illik təcrübəsi”, “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin dünəni və bu günü”, “SMILE Pro – lazer görmə korreksiyasının innovativ üsulu”, “Keratokonus diaqnozu ilə xəstələrdə torik intraokulyar linzaların implantasiyası”, “Yarımçıqdoğulmuşlarda retinopatiya-skrininq”, “Miopiyanın diaqnostika və müalicəsində süni intellekt və rəqəmsal həll yolları”, eləcə də “Azərbaycan dilində ilk klinik qərar dəstəyi sistemi olan ‘OftalmoAssist’ süni intellekt alətinin imkanları və inkişaf perspektivləri” və digər bu kimi mövzuları əhatə edib.
Həmçinin konfransda çıxış edən Hicran Namazova regional konfransların Azərbaycanın bütün bölgələrində oftalmoloji xidmətlərin inkişafında mühüm rol oynamasından bəs edib.
Məruzə ilə çıxış edən həkim Ceyhun Nəzərli Mərkəzin səyyar klinikasının 20 illik fəaliyyəti barədə məlumat verib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə həyata keçirilən “Böyük Qayıdış” proqramına qoşularaq Səyyar Klinika tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda - Laçın, Zəngilan, Füzuli, Xankəndi, Cəbrayıl, Şuşa və Ağdam rayonlarında təşkil olunan humanitar tibbi aksiyalardan bəhs edib.