REGİONLAR
Gəncədə Özbək dili və Mədəniyyəti Mərkəzi açılıb
Gəncə, 13 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncə şəhərində “Türk dünyasının Azərbaycan və Özbəkistan modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti tərəfindən təşkil edilən təbdir çərçivəsində AMEA-nın Gəncə bölməsində Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzi açılıb. Mərkəzdə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlıq əlaqələrini əks etdirən guşələr, eksponatlar, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığına aid nəşrlər təqdim olunub.
Beynəlxalq elmi-praktik konfransda Azərbaycan-Özbəkistan qardaşlığı və dostluğundan geniş söz açılıb. İki ölkə arasında münasibətlərin, güclənən strateji tərəfdaşlığın Türk dünyası birliyinə töhfə olduğu diqqətə çatdırılıb. Həmçinin ədəbi-mədəni əlaqələrin tarixi və müasir dövrünə nəzər salınıb.
Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin özbək dilində çap olunması, onun ardıcıllarından olan böyük özbək şairi Əlişir Nəvainin əsərlərinin Azərbaycanda tərcümə edilərək geniş oxucu kütləsinə çatdırılması hər iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırılıb.
Konfrans iştirakçıları Gəncə şəhərinin tarixi abidələri ilə də tanış olublar.
Xatırladaq ki, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət Mərkəzi açılıb və Azərbaycanın ədəbiyyatı və mədəniyyətinin təbliği istiqamətində uğurla fəaliyyət göstərir.