Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 13 mart, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin və “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisələrini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, martın 1-də maskalı naməlum şəxsin əlində çapacaqla şəhər ərazisindəki çörək bişirmə məntəqələrindən birinə basqın edərək, oradakı pul kassasından 95 manat məbləğində pul götürərək hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində M.İsmayılovun daha bir analoji cinayət hadisəsini törətdiyi aşkarlanıb.
Həmin şəxs martın 8-də əlində həmin çapacaq və oyuncaq tapanca ilə şəhər ərazisindəki marketlərdən birinə yaxınlaşaraq satıcıdan pul tələb edib. Lakin satıcının müqaviməti ilə qarşılaşdıqda hadisə yerindən qaçaraq uzaqlaşıb.
Otuz dörd yaşlı Mübariz İsmayılov saxlanılaraq, maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Törətdiyi cinayətləri etiraf edən M.İsmayılov barəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.