Gənclər Fondunun nümayəndəsi: Təqaüd proqramı fərdi əsasda formalaşdırılacaq
Bakı, 9 iyul, AZƏRTAC
“İnnovasiya və Süni İntellekt” proqramı əsasən süni intellekt və texnologiya sahəsində fərqlənən gənclərə müəyyən müddətdə təqaüdlərin ayrılmasını hədəfləyir.
Bunu AZƏRTAC-a açıqlamasında Gənclər Fondunun Proqram və layihələrin idarəolunması şöbəsinin müdiri Pərviz Mirəliyev deyib.
O vurğulayıb ki, 3 ay əvvəl “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına başlanılıb, ümumilikdə 1851 müxtəlif ixtisaslı gənc proqrama müraciət edib: “Müraciətçilər arasında seçim aparıldıqdan sonra 200-ə yaxın gənc imtahan mərhələsinə cəlb olunub. Əsasən məntiq, dünyagörüşü, texnologiya sahəsində onların bilikləri müəyyən formada təhlil etdikdən sonra seçilmiş uğurlu gənclər müsahibə mərhələsinə dəvət olunublar. 50-yə yaxın gənc isə müsahibə mərhələsində iştirak edib və onların arasından da 25 qalib müəyyən olunub. Təqaüd proqramı fərdi əsasda formalaşdırılacaq. Bu proqram əsasında hazırda qeyd etdiyim 25 gənc özünün seçdiyi müxtəlif istiqamətlər üzrə təlim proqramlarını Gənclər Fonduna təqdim edəcək. Fond həmin təlim proqramını təhlil edəcək, müəyyən kriteriyalara cavab verən təlim proqramı üzrə lazım olan sənədləşmələr aparılacaq. Daha sonra gənclərə müəyyən məbləğdə vəsait aylıq olaraq ödəniləcək. Bu təqaüdün müddəti gəncin iştirak edəcəyi təlimin vaxtı ilə uyğun olacaq”, - deyə şöbə müdiri bildirib.
Pərviz Mirəliyev deyib ki, belə layihələr nəinki Gənclər Fondu, ölkəmizdə fəaliyyət göstərən müxtəlif institutlar, qurumlar tərəfindən də işlənilməlidir: “Çünki artıq süni intellekt, texnologiya dövrüdür və bu xüsusda da qeyd etdiyim istiqamətli fəaliyyətlər gənclərimizin potensialının inkişaf etdirilməsində, dövlət-gənclər siyasətinin əsas istiqamətlərindən biri olan müasir, çağdaş gəncliyin formalaşdırılmasında mühüm rol oynayır”.
Qeyd edək ki, bu gün Gənclər Fondunun və “Bakcell”in birgə tərəfdaşlığı çərçivəsində “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramında qalib olmuş 25 nəfərlə görüş keçirilib.