Gənclər təşkilatının rəhbəri: Ölkəmizin maraqları naminə beynəlxalq müstəvidə fəaliyyətimizi gücləndirməliyik
Bakı, 30 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) artıq 27 ildir ki, fəaliyyət göstərən ölkənin aparıcı gənclər platformalarından biridir və ətrafında 147 gənclər təşkilatını birləşdirir.
Bu barədə AZƏRTAC-a məlumat verən ARGTMŞ-nın sədri Azər Əliyev, həmçinin 2022-ci ildə qurumun gənclər təşkilatları və gənclərlə iş sahəsində gördüyü işlərdən danışıb.
O qeyd edib ki, ARGTMŞ fəaliyyətində gənclər təşkilatlarının koordinasiyası və inkişafı, eyni zamanda, gənclərin bilik və bacarığının demokratik dövlət quruculuğu işlərinə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına yönəltməyi əsas vəzifə kimi qarşıya qoyub. Başa çatmaq üzrə olan ildə gənclər təşkilatları ilə birlikdə fəaliyyətlər kifayət qədər səmərəli və məhsuldar olub. Həmin fəaliyyətlərdən biri ilin əvvəlində Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 2 fevral - Gənclər Günü münasibətilə keçirilmiş tədbirdir.
“Tədbirdə üzv və tərəfdaş olan gənclər təşkilatlarını aktiv fəaliyyətlərinə görə təltif etdik. Ümummilli məsələlərdə üzv və tərəfdaş gənclər təşkilatları ilə birlikdə həmrəyliyə nail olmaq üçün çalışdıq, minlərlə gənci ətrafımızda topladıq. Ümumiyyətlə il ərzində müxtəlif istiqamətlərdə 100-dən çox gənclər təşkilatı ilə birlikdə 25-ə yaxın genişmiqyaslı layihənin icrasını uğurla yekunlaşdırmışıq. Belə layihələrdən biri üç istiqamət üzrə böldüyümüz gənclərlə iş üzrə menecerlərin inkişaf proqramıdır. Baş katiblər, layihə menecerləri və PR menecerlər üçün keçirilən təkmilləşdirmə kursları Lənkəran, Mingəçevir və Şamaxı şəhərlərində 40-dan çox təşkilat nümayəndəsinin iştirakı ilə təşkil olunub. Məqsədimiz həmin şəxslərin bilik və bacarıqlarının artırılması, əlaqələrin inkişaf etdirilməsidir. Layihənin nəticələri müsbət olduğu üçün biz həmin layihəni 2023-cü ildə də həyata keçirməyi planlaşdırmışıq. Nümunə göstərəcəyim digər layihə “Gənclər Təşkilatlarının Yay Təcrübə Məktəbi”dir. Göygöl rayonunda yay aylarında beş gün müddətində baş tutan layihə çərçivəsində gənclər təşkilatlarının təcrübə mübadiləsi, müxtəlif dövlət rəsmiləri ilə gənclər siyasətinin icrası istiqamətində müzakirələr, təlimlər və infossesiyalarda iştirak etdik. Bundan başqa, noyabrda Gənclər Təşkilatlarının V Konqresini təşkil etdik. Gənclər Paytaxtı Tovuzda keçirilən konqresin məqsədi gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq, gənclər təşkilatlarının idarə edilməsi sahəsində yeni mexanizmlərin yaradılmasını təmin etmək olub. Gənclər təşkilatlarında media savadlılığının artırılması layihəsi 60-dan çox gənclər təşkilatının 270-dən çox nümayəndəsini bir araya gətirmiş iri miqyaslı layihələrdən biridir. Gənclər təşkilatlarının özəl sektorla əlaqələrinin qurulması üçün ilin sonlarına doğru “Özəl sektor, Korporativ Sosial Məsuliyyət və Gənclər təşkilatlarının əlaqələrinin gücləndirilməsi” layihəsinin icrasına başladıq. Ümumilikdə layihə ilə bağlı təlim və forumda 170-dən çox təşkilat nümayəndəsi iştirak etmişdi”, - deyə Azər Əliyev vurğulayıb.
ARGTMŞ-nın sədri qeyd edib ki, bu il əhatə dairəsinə, miqyasına əsasən keçirdiyimiz uğurlu layihələrdən biri də Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi proqramıdır. Proqram bu il ikinci dəfədir ki, reallaşdırılır. Birinci proqramda 12, ikincidə isə 8 gənclər təşkilatına resurs dəstəyi göstərərək layihə və ideyalarını həyata keçirməkdə dəstək olunub. Bu layihələr yalnız Bakını deyil, 20 şəhər və rayonu əhatə edib. Birbaşa 2100, dolayı yolla 4000-dən çox gənc bu layihənin iştirakçısı olub və ya yararlanıb. Proqram çərçivəsində daha yeddi təşkilata 2023-cü ildə resurs dəstəyi göstəriləcək: “Fəaliyyətlərimizdə üzvümüz olan region təşkilatlarını və gənclərini diqqətimizdə saxlayırıq. Bunu nəzərə alaraq, 2022-ci ildə gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə 10-a yaxın şəhər və rayona səfərlər təşkil edərək, həmin rayonlardakı universitet, kollec tələbələri, gənclər işçiləri ilə görüşərək onları dövlətimiz tərəfindən gənclər üçün yaradılan imkanları barədə məlumatlandırmışıq. Hazırda Şəki, Gəncə, Quba, İsmayıllı rayonlarına səfərlərimiz davam edir”.
A.Əliyev bildirib ki, bu il istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə ölkəmizin maraqlarının təmsil olunması, beynəlxalq təşkilatlarla iş, təmsilçilik istiqamətində təşkilatların daha yaxşı fəaliyyəti üçün bir sıra məqsədyönlü işlər görülüb: “Bunun nəticəsidir ki, beynəlxalq donorlara təqdim etdiyimiz beş layihənin həyata keçirilməsi üçün müsbət cavab aldıq. Bu gün də biz beynəlxalq müstəvidə fəaliyyətimizi daha da güclü şəkildə davam etdirməliyik.
Digər ölkələrin milli şuraları, həmçinin üzv təşkilatlarımızın əlaqələrinin gücləndirilməsi baxımından ilin sonlarına doğru Bakıda “Gənclərin hüquqları üzrə bacarıqlarının artırılması” layihəsi çərçivəsində 6 ölkənin 38 təşkilatının 45 nümayəndəsi ilə 15 təlim, 3 infotur təşkil etdik. Ümumilikdə isə ötən il 37 yeni beynəlxalq tərəfdaşla əməkdaşlıq etmişik. Media ilə əlaqələrimizi də ildən-ilə inkişaf etdiririk”.