Gənclər təşkilatları arasında keçirilən futbol üzrə “Birlik” turnirinin qalibi müəyyənləşib
Bakı, 12 mart, AZƏRTAC
Gənclərin 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə marağının artırılması, onların asudə vaxtının səmərəli təşkili və gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə “İrəli” İctimai Birliyinin təşəbbüsü və Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən futbol üzrə “Birlik” turnirinə yekun vurulub.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, martın 10-da start verilən və karantin rejimi qaydalarına uyğun təşkil olunan turnirdə respublikamızda fəaliyyət göstərən aparıcı gənclər təşkilatlarını təmsil edən 8 komanda mübarizə aparıb. Turnirin finalında “Böyük Qayıdış” və “GTM” (Gənclər üçün Təhsil Mərkəzi) komandaları yarışıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “GTM” komandası qələbə qazanaraq çempion adını qazanıb.
Qalib komandaya kubok təqdim edilib. Həmçinin ilk üç yeri tutan komandalar mükafatlandırılıblar.
“İrəli” İctimai Birliyi gənclərin fiziki hazırlığının artırılması və onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq belə layihələr həyata keçirir.