Gənclər Təşkilatları Milli Şurasının onlayn məclisində qurumun yeni baş katibi seçilib
Bakı, 12 mart, AZƏRTAC
Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) növbəti məclisi onlayn formatda keçirilib.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıya sədrlik edən İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov üzv təşkilatları və nümayəndələri salamlayaraq, tədbirdə iştirak edən gənclər təşkilatlarının rəhbərlərinə minnətdarlığını bildirib.
Yetərsay müəyyən edildikdən sonra məclis açıq elan olunub.
İclasın gündəliyi təsdiqləndikdən sonra NAYORA-nın sədri Azər Əliyev qurumun ötən ilin sentyabrından bu ilin martınadək olan dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib, keçirilən tədbirlər, layihələr və onlayn kampaniyalar barədə məlumat verib.
Tədbirdə üzvlük üçün müraciət edən Biləsuvar Yeniyetmə və Gəncləri, Böyük Qayıdış Gənclər Təşkilatı, Dünya Azərbaycanlıları Gəncləri, Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım İctimai birliklərinin fəaliyyəti haqqında təqdimatlar nümayiş etdirilib.
Üzvlük üçün müraciət edən təşkilatların sədrlərinin çıxışlarından sonra onlayn səsvermə keçirilib və onlar NAYORA-ya üzv qəbul olunub.
NAYORA-nın baş katibi vəzifəsinə seçkilərdə Ramin Həbibzadənin namizədliyi irəli sürülüb. Bununla bağlı təqdimatdan sonra keçirilən səsvermə nəticəsində R.Həbibzadə NAYORA-nın yeni baş katibi seçilib.
Yığıncaqda digər məsələlər də müzakirə olunub.