CƏMİYYƏT
Gənclər təşkilatları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad ediblər
![](/files/galleryphoto/2023/3/1200x630/17023949952455516080_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023949956477316256_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023949955158057538_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023949954129829134_1200x630.jpg)
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, 12 dekabr tarixində gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirlərin davamı olaraq Azərbaycanın sabiq Baş naziri Həsən Həsənovla Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Ulu Öndərin gənclər siyasəti modeli” mövzusunda görüş keçirilib.
ARGTMŞ-nin sədri Rafael Hacıbəyli açılış nitqi ilə çıxış edərək Ümummilli Liderin Azərbaycanın hərtərəfli tərəqqisi yolunda çoxşaxəli fəaliyyətindən və tarixi missiyasından, dövlət təhlükəsizliyinin və müstəqilliyinin qorunması yolunda verdiyi misilsiz tarixi xidmətlərdən söz açaraq 30 ilə yaxın işğalda olan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığa qovuşduğunu vurğulayaraq, bu gün Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib.
Görüş zamanı Həsən Həsənov Ulu Öndərin həyatını, zəngin dövlətçilik təcrübəsini, gənclər siyasətinin ərsəyə gəlməsində verdiyi böyük töhfələrdən danışaraq, onun Azərbaycanın xoşbəxt gələcəyini hər zaman gənclərdə gördüyünü diqqətə çatdırıb. Görüş qarşılıqlı diskussiya şəkilində davam edib.
Daha sonra Gənclər Təşkilatlarının Resurs Mərkəzində Milli Məclisin deputatı Bəhruz Məhərrəmovla “Gənclər təşkilatları arasında Ulu Öndərin irsinin təbliği” mövzusunda görüş keçirilib.
Görüş Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə öz işinə başlayıb. Görüş zamanı Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanın rifahlı gələcəyi üçün gənclərdən olan gözləntilər, onun əməllərinin davamçısı Prezident İlham Əliyevin ölkəmiz üçün xidmətlərindən geniş bəhs edilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, silsilə tədbirlərdən daha biri “Gənclər təşkilatlarının intellektual yarışı” olub.
Yarış “Nə? Harada? Nə zaman?” formatında keçirilib. Suallar Ulu Öndərin həyatı, hakimiyyət dövrləri, Azərbaycanın müasir tarixi və ümumi dünyagörüşü ilə bağlı mövzuları əhatə edib. Birinci yerin qalibi “Böyük Qayıdış” Gənclər Təşkilatı kubok, ikinci və üçüncü yerləri öz aralarında bölüşən Cavan Gənclər Hərəkatı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi isə medal ilə təltif olunublar.