Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirilib
Bakı, 17 iyul, AZƏRTAC
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, iyulun 17-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil edilən seçkidə 123 təşkilatın nümayəndələri qeydə alınmış 43 vətəndaş cəmiyyəti institutunun namizədlərinə səs veriblər.
Səslərin sayılması zamanı 3 seçki vərəqəsi etibarsız hesab edilib. Səsvermənin nəticəsində son 3 şəxs eyni səs topladığı üçün onlar arasında püşkatma keçirilib və yekun olaraq Şuranın 15 nəfərdən ibarət tərkibi formalaşdırılıb.
Şuranın üzvü seçilən şəxslərin siyahısı Gənclər və İdman Nazirliyinin saytında təqdim olunub.
Seçkinin nəticələri məlum olduqdan sonra, nazir müavini İntiqam Babayev çıxış edərək seçilən şəxsləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, İctimai Şura üzvlərindən yeni təşəbbüs və ideyaların gözlənildiyini bildirib. Nazir müavini yeni tərkibdə formalaşmış İctimai Şuranın gənclərlə iş və idman sahəsində faydalı olacağına ümidvar olduğunu qeyd edib.