Gənclərimiz işğal olunan torpaqlarımızı hər an azad etməyə hazırdır
Bakı, 20 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
1990-cı ilin 20 yanvar hadisələri xalqımızın yaddaşında silinməz iz buraxıb. Həmin qanlı gecədə Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın qəhrəman oğul və qızlarının dəfn edildiyi Şəhidlər xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilib.
Bu sözləri yanvarın 20-də paytaxtda Şəhidlər xiyabanını ziyarət edən İsmayıllı rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov AZƏRTAC-a müsahibəsində bildirib.
T.Salehov deyib ki, ümummilli lider Heydər Əliyev faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxıb, Qanlı Yanvar faciəsini törədənləri ittiham edib və hadisəyə siyasi-hüquqi qiymət verilməli olduğunu bildirib.
Vətənimizin qəhrəman övladlarının əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il Şəhidlər xiyabanını ziyarət etdiyini deyən T.Salehov qeyd edib ki, müstəqilliyinə qovuşan Azərbaycan xalqı heç vaxt bu dəhşətli faciəni və o gecənin günahsız qurbanlarını unutmayacaq.
İsmayıllı rayon gənclər və idman idarəsinin rəisi, həmçinin deyib ki, bu gün müasir müstəqil ölkəmizdə vətənpərvər ruhda böyüyən gənclərimiz işğal olunan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an azad etməyə hazırdır.