“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 17-21-də Quba Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası-4” düşərgəsi keçirilib.
Bu barədə AZƏRTAC-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, beş gün davam edən düşərgə çərçivəsində gənclər “Sosial təşəbbüskarlıq və ictimai liderlik”, “Effektiv ünsiyyət və konfliktlərin idarəolunması” kimi mövzular üzrə təlimlərdə və “Gənclər üçün hüquqi savadlılıq - Liderliyin təməli" mövzusunda vəkillərin iştirakı ilə keçirilən panel müzakirədə iştirak ediblər. Proqramda, həmçinin “Parkur Challenge”, “Xəzinə axtarışı”, “Spagetti Qalası”, “Breyn-Rinq” kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptlərdə partilər təşkil olunub.
Zəngin məzmunu ilə seçilən düşərgə iştirakçıların liderlik bacarıqlarının inkişafına, komanda ruhunun möhkəmlənməsinə və dövlətçilik dəyərlərinə sadiq gənclər kimi formalaşmasına mühüm töhfə verib.
Bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.