“Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri” mövzusunda vebinar
Bakı, 17 mart, AZƏRTAC
Təhsil İnstitutunun təşkilatçılığı ilə “Gənclərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri” mövzusunda vebinar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda Türkiyə MEM Psixologiya Mərkəzinin həmtəsisçisi və psixoloqu Mehmet Palancının məruzəsi dinlənilib. Məruzəçi uşaq və gənclərə psixoloji dəstəyin əhəmiyyəti, onların psixoloji vəziyyətinin və problemlərinin mənşəyinin müəyyən olunması, valideynlərin və cəmiyyətin bu prosesdə rolu haqqında danışıb. Qeyd edib ki, uşağın tərbiyəsində bir sıra məqamların, xüsusilə də onun temperament və xarakterinin spesifik tərəfləri nəzərə alınmalıdır. Uşağa fərdi yanaşma, valideynin uşağın temperamentini düzgün dəyərləndirməsi və buna uyğun davranması böyük əhəmiyyət kəsb edir.
Vebinarda hər bir uşağın uğurlu gələcəyi və karyerası üçün ona seçim azadlığının verilməsi, beynəlxalq səviyyədə aparılmış araşdırmalara əsasən müxtəlif ölkələrdə uşaqların əldə etdikləri nailiyyətlərin müqayisəsi mövzularından da söz açılıb. Eyni zamanda, Enneaqram modeli və bu istiqamətdə aparılmış elmi tədqiqatlara əsaslanaraq valideyn və müəllimlərin uşağa individual davranışının üstünlükləri, uşağın gələcəyində bu yanaşmanın faydaları haqqında geniş məlumat verilib.
Təqribən 150 iştirakçının qatıldığı vebinar maraqla qarşılanıb.