“Gəncliyə Yardım Fondu”nun nümayəndələri Quba kütləvi məzarlığında olmuşlar
Bakı, 31 mart (AZƏRTAC). “Gəncliyə Yardım Fondu”nun (GYF) təhsil şöbəsinin nümayəndələri və Azərbaycanda təhsil alan bir qrup xarici tələbə Qubada aşkarlanan kütləvi məzarlığı ziyarət etmişlər.
GYF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ziyarət zamanı gənclərə 1918-ci ildə ermənilərin Qubada yerli əhaliyə qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumat verilmişdir.
Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev bildirmişdir ki, 514 kvadratmetr sahədə yerləşən məzarlıqda 600-ə yaxın insanın sümükləri aşkarlanmışdır. Hazırda ən mühüm məsələ məzarlığı aşınmadan qorumaqdır. Məzarlıqda aşkarlanan quyulardan biri artıq sürüşmə nəticəsində dağılmışdır. Kütləvi məzarlıqda 20 kvadratmetr ərazi beynəlxalq arxeoloqların araşdırılması üçün saxlanılmışdır.
“Gəncliyə Yardım Fondu” təhsil şöbəsinin müdiri Sedat Demir demişdir ki, məzarlığa gələn gənclər, gördükləri həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün müvafiq tədbirlər görəcəklər.
“Gəncliyə Yardım Fondu”nun vitse-prezidenti Salman Əliyev gənclərə tarixi həqiqətlərdən bəhs edərək vurğulamışdır ki, millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınmışdır. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
XIX-XX əsrlərdə ölkəmizdə baş verən bütün faciələr ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.
######
