General Yücel Karauz: Füzuli aeroportunun istifadəyə verilməsi bütün mənalarda Azərbaycanın qüdrətinin göstəricisidir
Ankara, 26 oktyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli Beynəlxalq Hava Limanının açılışında və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin qoyulması mərasimində iştirakları mühüm tarixi hadisələrdir. Bu səfər bir daha göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri yalnız tərəqqiyə xidmət edir. Sülh və əməkdaşlıq tərəfdarı olan hər kəs bu uğurlardan nümunə götürməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə açılışı keçirilən Füzuli Beynəlxalq Hava Limanının strateji əhəmiyyətini yüksək qiymətləndirən general Yücel Karauz qeyd edib: “Bu hava limanının qısa müddətdə tikilməsi və istifadəyə verilməsi siyasi və iqtisadi baxımdan Azərbaycanın gücünü və qüdrətini göstərdiyi kimi özündə bir sıra mənəvi dəyərləri də ehtiva edir. Azərbaycan cəmi səkkiz ay ərzində ən müasir standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanını ərsəyə gətirməklə bütün dünyaya göstərdi ki, işğaldan azad etdiyi ərazilərin əsl sahibidir. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə bütün dünyaya nümayiş etdirildi ki, bu torpaqlar ən qısa zamanda abadlaşacaq və dirçələcək. Əminliklə deyə bilərəm ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi də ən qısa zamanda başa çatdırılacaq”.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulmasın ən qısa zamanda Zəngəzur dəhlizinin də açılacağına işarə kimi dəyərləndirən general Yücel Karauz deyib ki, bu dəhliz təkcə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin bərpası deyil, eyni zamanda, Türkiyə ilə Azərbaycanın və bütün türk dünyasının birbaşa əlaqələri təmin edəcək, eləcə də London-Pekin marşrutu üzrə ən qısa məsafəli yol kimi cəlbedici olacaq. Zəngəzur dəhlizi bütün regionlar ölkələri kimi, Ermənistan üçün də səmərəli nəqliyyat marşrutu olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara