Gennadi Züqanov: Azərbaycanla münasibətlər strateji xarakter daşıyır
Bakı, 10 fevral, Rafael Həsənov, AZƏRTAC
Azərbaycanla münasibətlər strateji xarakter daşıyır.
Bu sözləri Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin, Milli Məclisin deputatlarının mövqeyi göstərdi ki, Azərbaycan xalqlarımız arasında əmin-amanlığın və dostluğun möhkəmləndirilməsini sadəcə dəstəkləmir, həm də bu istiqamətdə fəal çıxış edir.
Gennadi Züqanov bildirib ki, ümummilli lider Heydər Əliyevlə yaxşı, dost münasibətləri olub, eləcə də Rusiya nümayəndə heyəti, deputatları ilə sıx əlaqəni daim dəstəkləyən Prezident İlham Əliyevlə çoxdan tanışdır.
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov atasının İkinci Dünya müharibəsində yaralanandan sonra Bakıda hospitalda müalicə olunduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, atası Bakını və bu şəhərdə ona kömək edən adamları həmişə minnətdarlıqla xatırlayıb. Bu il faşizm üzərində qələbənin 70-ci ildönümünün tamam olacağını xatırladan G.Züqanov bu qələbəyə çatmaqda Azərbaycanın əhəmiyyətini vurğulayıb.
O, həmçinin səfəri çərçivəsində baş çəkdiyi 23 nömrəli tam orta məktəbə heyran olduğunu da bildirib.
G.Züqanov Bakının təkcə Yaxın Şərqin və Qafqazın deyil, dünyanın ən gözəl və qonaqpərvər şəhərlərdən biri olduğunu deyib, şəhərin memarlığını və dəniz mənzərəsini xüsusilə qeyd edib.