Geologiya və Geofizika İnstitutunun alimləri beynəlxalq vebinar-müşavirədə iştirak ediblər
Bakı, 30 iyun, AZƏRTAC
Geologiya və Geofizika İnstitutunun alimləri “ERC-SYNERGY Bi-Lateral” Beynəlxalq Proqramı çərçivəsində təşkil olunan onlayn vebinar-müşavirədə iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Ərəbistan-Avrasiya kolliziya zonasının kinematikası və dinamikası” mövzusunda vebinara Türkiyə, ABŞ, Rusiya, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa və digər ölkələrin Yer elmləri üzrə alim və mütəxəssisləri qatılıblar.
Azərbaycan heyətində Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov, Geologiya və Geologiya İnstitutunun Yer fizikası bölməsinin Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Səfərov təmsil olunublar.
Onlayn müşavirədə Kembric Universitetinin Yer Elmləri Bölməsinin professoru Aleks Kopleyin “Ərəbistan-Avrasiya kolliziya zonasının kinematikası və dinamikası” mövzusunda təqdimatı geniş müzakirə edilib. Mövzu ətrafında suallar və təkliflər səsləndirilib. Müzakirələr zamanı qeyd olunub ki, Qafqaz bölgəsinin seysmogeodinamik seqmentləşdirilməsi istiqamətində və seysmik təhlükənin qiymətləndirilməsində həll olunmayan və açıq qalan müxtəlif məsələlər mövcuddur. Onların dərindən araşdırılmasına doğru yönələn məsələlərin həlli yalnız yeni üsulların tətbiqi vasitəsilə beynəlxalq konsorsium çərçivəsində həyata keçirilə bilər.
Tədbirin sonunda bu istiqamətdə mövcud metod və yanaşmaların imkanları ətrafında fikir mübadiləsi aparılıb və növbəti onlayn vebinar-müşavirədə ABŞ alimlərinin təqdimatlarının müzakirəsi qərara alınıb.