ELM VƏ TƏHSİL
“Geosiyasi dəyişikliklər fonunda Azərbaycanın xarici siyasəti” - elmi-praktik seminar
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrası “Geosiyasi dəyişikliklər fonunda Azərbaycanın xarici siyasəti” mövzusunda elmi-praktik seminar keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarın moderatoru Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə Cənubi Qafqazın müasir geosiyasi vəziyyəti və yeni geosiyasi dəyişikliklər fonunda Azərbaycanın artan siyasi nüfuzu haqqında məlumat verib.
Elmi-praktik seminarda Milli Məclisin deputatı Rasim Musabəyov məruzə ilə çıxış edərək 44 günlük müharibədə qazanılan uğurun Prezident İlham Əliyevin düzgün geosiyasi dəyərləndirməsi ilə reallaşdığını diqqətə çatdırıb. O, həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsinin, xüsusən də “üçtərəfli” Bəyanatın imzalanmasının əhəmiyyətindən danışaraq, bunun ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor olduğunu qeyd edib.
R.Musabəyov seminar iştirakçılarının suallarını cavablandırıb.