GİMNASTLARIMIZ AVROPA ÇEMPİONATLARINA HAZIRLAŞIRLAR
Azərbaycanın bədii gimnastika üzrə yığma komandası 2008-ci ilin Olimpiya mövsümünü yanvarın 25-27-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək “LA Lights Tournament of champions” turnirində açacaqdır. Bunu AZƏRTAC-ın müxbirinə milli yığmanın məsləhətçisi, Rusiya yığmasının baş məşqçisi İrina Vinerə istinadla Azərbaycan Gimnastika Federasiyasından bildirmişlər.
İ.Viner demişdir: “ABŞ-da keçirilən turnir çoxillik tarixi olan ənənəvi, kifayət qədər tanınmış yarışdır. Çox güman, həmin turnirdə Aliyə Qarayeva iştirak edəcəkdir. O, yeni proqram hazırlamışdır. Bu yarışda iştirak üçün çox güclü heyət nəzərdə tutulmuşdur. Yarışa Rusiya, Ukrayna, Belarus və Bolqarıstanın ən yaxşı gimnastları qatılmalıdırlar”.
İ.Viner vurğulamışdır ki, bu il Olimpiya oyunlarına qədər ən əsas yarış iyun ayında İtaliyada keçiriləcək Avropa çempionatı olacaqdır. Çempionatda yaşlı idmançılardan başqa, yeniyetmələr, habelə yaşlılardan ibarət qrup komandaları iştirak edəcəklər.
Zeynəb Cavadlı, həmçinin yeniyetmə gimnastlar - 14 yaşlı Nigar Əbdüsəlimova və Səbinə Abbasova Avropa çempionatına hazırlıqla əlaqədar Moskva vilayətinin Novoqorsk şəhərində keçirilən təlim-məşq toplanışlarında iştirak edirlər.
Qrup hərəkətləri komandası da təlim-məşq toplanışındadır. Bakı təlimlərində əsas kollektivə daha 5 gimnast (Zülfiyyə Əliyeva, Əzizə Səlimbəyova, Günel Ağayeva, Səbinə Alxazova və Kristina Pavlunina) cəlb olunmuşdur. Bu il onlar üçün ilk yarış fevralda Estoniyada keçiriləcək beynəlxalq turnir olacaqdır.
İdman gimnastları və xalça üstündə akrobatik tullananlar da Avropa çempionatına hazırlaşırlar. Onlar Rusiyada təlim keçirlər. İdman gimnastları Şakir Şıxəliyev, Ruslan Balakişiyev və Elvin Ağadadayevdən ibarət üçlük Moskva vilayətindəki “Dəyirmi göl” bazasında məşq edirlər. Onlar may ayında İsveçrədə keçiriləcək qitə çempionatına hazırlaşırlar.Tullananlar Səid Səlimov, Hafiz Rzayev, Rahib Əliyev, Timur Oduşev, Nəbi Mirzəliyev və Mixail Malkin isə may ayında Danimarkada keçiriləcək Avropa birinciliyinə hazırlıq çərçivəsində Stavropola yola düşəcəklər.