“Global Policy Analysis” jurnalının ilk nömrəsi işıq üzü görüb
Bakı, 17 mart, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində çap olunan “Global Policy Analysis” (“Beynəlxalq siyasi təhlil”) jurnalının ilk nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnal dünyanın nüfuzlu sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ekspertlərin və alimlərin dünyada baş verən qlobal mövzulara, müxtəlif hadisələrə münasibətini əks etdirəcək. Layihənin məqsədi “Beynəlxalq siyasi təhlil” oxucularını yeni, dəqiq, məlumatlı və maarifləndirici informasiya ilə təmin etməkdir. Jurnalın rüblük olaraq, elektron və çap formasında nəşr olunacağı nəzərdə tutulur.
Jurnalın ilk buraxılışında qlobal epidemiya olan koronavirus probleminə xüsusi yer ayrılıb və Çin Xalq Respublikasının sabiq Xarici İşlər Nazirinin müavini He Yafeinin COVİD-19 epidemiyası ilə bağlı önəmli məqaləsi dərc edilib. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərinin dəstəyi ilə son ayda bu məsələ ilə bağlı bir sıra təşəbbüslər reallaşdırılıb.
Nəşrdə Belçikanın sabiq baş naziri İv Letermenin “Avropanın post-breksit gələcəyi: qarşıda duran məsələlər”, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldinin “İslam və Qərb: qarşıdurmalar”, İtaliyanın Azərbaycandakı səfiri Augusto Massarinin “İtaliya-Azərbaycan münasibətləri”, Çin İctimai Əlaqələr İnstitutun prezidenti, Çinin Avropa Biliyindəki sabiq səfiri Vu Hailonqun “Koronavirusla mübarizədə Çin təcrübəsi”, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Rəşid Əlimovun “Asiyanın Əsri”, Xarici Siyasət üzrə Amerika Milli Komitəsinin prezidenti Susan Elliottun “ABŞ və Qərbi Balkanlar" sərlövhəli münasibətləri öz əksini tapıb.