Gömrük Komitəsinə dəstək layihəsi üzrə nəzərdə tutulan işlər uğurla yerinə yetirilir
Bakı, 17 mart, AZƏRTAC
“Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” layihəsinin Rəhbər Komitəsinin 3-cü iclası keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə DGK, İqtisadiyyat Nazirliyinin nümayəndələri, İtaliya Gömrük və İnhisar Agentliyi, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iştirak edib.
DGK Katibliyinin rəisi, Azərbaycan tərəfindən layihə qrupunun rəhbəri Anar Süleymanov iclasda layihə çərçivəsində fəaliyyətlərin müvafiq plana uyğun yerinə yetirildiyini bildirib, buna görə italiyalı həmkarlarına təşəkkür edib. Layihənin icrası ilə əlaqədar tərəflər arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Eyni zamanda, İtaliya nümayəndələri çıxış edərək layihənin icrası ilə bağlı fikir və təkliflərini diqqətə çatdırıblar.
Daha sonra iclasda müvafiq iş planı və layihənin büdcə sənədləri nəzərdən keçirilərək qəbul edilib.