GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ MİR CƏLAL PAŞAYEVİN XATİRƏSİ ANILMIŞDIR
Salonda alimin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil olunmuşdu.
Tanınmış elm və mədəniyyət xadimlərinin, tələbələrin iştirak etdikləri mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək, Mir Cəlal Paşayevin mənalı və şərəfli ömür yolundan, ədəbiyyatımızın və elmimizin inkişafındakı xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, klassik ədəbi irsin tədqiqi, habelə XX əsr Azərbaycan ədəbiyyatı və ədəbi məktəblərinin öyrənilməsi onun elmi axtarışlarında mühüm yer tuturdu. Mir Cəlal Paşayev həm də böyük yazıçı, istedadlı pedaqoq idi.
Akademik Fuad Qasımzadə, xalq şairi Nəriman Həsənzadə, professorlar Qara Namazov, Pənah Xəlilov, filologiya elmləri doktoru Təhsin Mütəllimov və başqaları Mir Cəlal Paşayevin ədəbiyyatımızın inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərindən, onun özünəməxsus bədii yaradıcılığından, nəcib insani keyfiyyətlərindən, zəngin ədəbi irsinin daha dərindən öyrənilməsinin zəruriliyini vurğulamışlar.