Göyçay, Ağdaş, Mingəçevir və Qəbələdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib
Göyçay, 24 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Avqustun 24-də Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib.
AZƏRTAC xəbər verir ki, 3 gün davam edəcək kurslar cari ilin noyabrında Milli Məclisə keçiriləcək növbəti seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının daha da təkmilləşdirilməsi məqsədi daşıyır. Kursun birinci günündə iştirakçılara seçki prosesində icra olunacaq müxtəlif prosedurlarla bağlı məşğələlər keçirilib. Rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Rəşad Şükürov “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə strukturlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin təşkili”, rayon məhkəməsinin hakimi Elxan Babayev “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri”, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov “Seçici siyahıları ilə iş qaydası” mövzusunda məruzə edib. Məşğələdə aşağı seçki komissiyalarının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Avqustun 24-də 88 saylı Göyçay, 90 saylı Ağdaş, 47 saylı Mingəçevir və 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyalarında da müvafiq ixtisaslaşdırılmış kurslar başlayıb. Kursların ilk günündə seçici siyahıları ilə iş qaydası, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və digər bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə strukturlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin təşkili mövzusunda müzakirələr aparılıb. Məruzə və çıxışlarda parlament seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədi ilə dairə seçki komissiyalarına hər cür şərait yaradıldığı bildirilib.