REGİONLAR
Göyçay narından hazırlanan mürəbbə dadı, rəngi və qoxusu ilə fərqlənir FOTO VİDEO
Göyçay, 30 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Min bir dərdin dərmanı, meyvələrin şahı olan nardan bir çox məhsullar hazırlanır. Onlardan biri də nar mürəbbəsidir.
AZƏRTAC xəbər verir ki, el arasında nardança adlanan bu məhsulu hazırlamaq üçün narın əsasən “Gülövşə” növündən istifadə edilir. Narşərabı bütün evlərdə hazırlansa da, amma nardançanı hər kəs bişirə bilmir.
Göyçayın Ləkçıplaq kənd sakini Məlahət Əliyeva deyir ki, nar mürəbbəsini mükəmməl hazırlamaq üçün ilk növbədə, nar gilələri dənələnməlidir. Təmiz su ilə yuyulduqdan sonra ocaq üstündə qaba tökülür. Təxminən 4-5 dəqiqə od üzərində qalan nar gilələrinin suyu çıxdıqdan sonra üzərinə şəkər tozu əlavə olunur.
Nar mürəbbəsi 15-20 dəqiqə ocaq üzərində qaldıqdan sonra tam bişmiş sayılır. Narın növünə, dənələrinin iri və xırda olmasına, şəkər tozunun əlavə edilməsinə görə mürəbbənin rəngi, dadı və qoxusu dəyişə bilər. Mürəbbə hazır olduqdan sonra şüşə qablara yığılır və bir ildən çox saxlamaq olur. Nar mürəbbəsi əsasən çayla içilir, plovla, çörəklə yeyilir.
Xatırladaq ki, ölkəmizdə narın 30-dan çox növü var. Göyçayda əsasən, “Gülövşə”, “Şıxbaba”, “Vələs”, “Şirin nar”, “Bala mürsəl” və digər növləri yetişdirilir. Hər il bağlardan yığılan tonlarla nar yerli və xarici bazarlara çıxarılır. Eyni zamanda nardan şirə, mürəbbə və çaxır da hazırlanır. Bununla bərabər, narın qabığından və tumundan bir çox xəstəliklərin müalicəsində dərman kimi də istifadə edilir.