Göyçay: onlayn konfransda mövcud vəziyyət geniş müzakirə olunub
Göyçay, 11 aprel, AZƏRTAC
Göyçayda keçirilən onlayn konfransda koronavirus pandemiyasının yayılması təhlükəsi ilə əlaqədar tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində mövcud vəziyyət və qarşıda duran konkret vəzifələr, habelə yaz-tarla işlərinin gedişi müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ölkəmizdə təhlükəli pandemiyaya qarşı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətindən, xalq tərəfindən dəstəklənən sərəncam və tövsiyələrindən danışıb, sosial izolyasiya şəraitində əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. İcra başçısı hazırkı vəziyyətdə Göyçayda karantin rejiminə əməl olunmasına ciddi nəzarət edildiyini bildirib, ahıl tənha insanlara və aztəminatlı ailələrə göstərilən yardımlardan danışıb.
Tədbirdə əhali arasında maarifləndirmənin mütəmadi davam etdirilməsinin, xüsusilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və göstərişlərinə tam riayət olunmanın vacibliyi bildirilib.
Onlayn konfransda Göyçay şəhərindən, Məlikkənd, Qızılağac, Qaraməryəm, Bığır, İkinci Ərəbcəbirli kəndlərindən 15 nəfərə yaxın vətəndaşın müraciəti dinlənilib, aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Tədbirdə bölgədə aqrar sektorda mövcud vəziyyət, yaz-tarla işlərinin gedişi də ətraflı müzakirə olunub. Fermerlərə lazımi köməklik göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verilib.