Göyçayda qanvermə aksiyası keçirilib
Bakı, 2 may, AZƏRTAC
Göyçay Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
Aksiyada rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, aksiya hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək məqsədilə keçirilib.
Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Humanitar aksiyada 170 nəfər könüllü qan verib.