Gözdən əlillər üçün “Güvən yürüşü” tədbiri təşkil edilib
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də ADA Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş ADA Universiteti və Gözdən Əlillər Cəmiyyətinin birgə icra etdiyi “Şəfqət boşluğu” layihəsi çərçivəsində “Güvən yürüşü” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin müəllimləri, yerli və əcnəbi tələbələri, görmə məhdudiyyətli olanlar və könüllülər iştirak ediblər.
Yürüşdən əvvəl universitetdə keçirilən konfransda ADA Universitetinin tələbə xidməti meneceri Günel Əskərova görmə məhdudiyyəti olanların problemləri ilə maraqlanmaq, onların cəmiyyətə inteqrasiya olunması və onlar üçün bərabər imkanların yaradılması baxımından təbirin əhəmiyyəti barədə danışıb.
Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın tibb elmi sahəsindəki tarixi xidmətlərindən bəhs edərək ötən əsrin ortalarında ölkəmizdə tüğyan edən traxoma xəstəliyi və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində gördüyü işlər, apardığı elmi axtarışlar barədə məlumat verib. Akademikin tibb elminə bir sıra mühüm, mütərəqqi yeniliklər gətirdiyi və onlardan bu gün də görmə məhdudiyyətli xəstələrin müalicəsində istifadə edildiyi qeyd olunub.
Konfransda ölkəmizdə gözdən əlilliyi olanlara göstərilən dövlət qayğısından, onların sosial həyatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlillərə olan diqqət və qayğısından danışılıb.
Universitetdə istedadlı tələbələr arasında keçirilən musiqi yarışının qalibi Zəminə Nurullazədənin ifasında mahnılar səslənib.
Layihənin keçirılməsində fəal iştirak edən bir qrup tələbə-könüllülərə sertifikatlar təqdim olunub.
Konfransdan sonra “Dədə Qorqud” parkında ADA Universitetinin əcnəbi və yerli tələbələrinin müşayiətilə görmə üzrə əlilliyi olan şəxslərin gəzintisi təşkil edilib.
Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev gəzinti barədə deyib: “ADA Universiteti ilə belə tədbirlərin keçirilməsi artıq bir ənənə halını alıb. Bu gün də həmin ənənənin davamı olaraq növbəti gəzintiyə çıxdıq. “Güvən yürüşü”, sadəcə, bir toplaşma deyil, həm də empatiya, anlaşma və inklüzivliyin bayramıdır. Bu tədbir əlillər də daxil olmaqla müxtəlif kateqoriyadan olan insanları bir araya gətirərək bir-birinin əlindən tutaraq, dərin birlik və qarşılıqlı dəstək hissini təşviq edir. Həmçinin əlillərin qarşılaşdıqları çətinliklər və müyəssərlik, inklüzivlik kimi vacib sosial məsələlərə işıq salmaq üçün mühüm ictimai mesaj rolunu oynayır”.
“Şəfqət boşluğu” layihəsi çərçivəsində keçirilən “Güvən yürüşü” maraqlı musiqi ifaları və xoş təəssüratlarla yadda qalıb.