Güclü külək Gəncədə fəsadlar törədib
Gəncə, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə səhər saatlarından başlayaraq əsən külək fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müxtəlif ərazilərdə ağaclar aşıb, bəzi çoxmənzilli binaların, habelə fərdi yaşayış evlərinin dam örtüyü tam və ya qismən yararsız hala düşüb, şəhərin bəzi ərazilərində işıq dirəkləri aşıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Güclü külək Yeni Gəncə yaşayış massivində yerləşən 23 nömrəli uşaq bağçası-körpələr evinin, Üzeyir Hacıbəyli, Dədə Qorqud, Tağı Arani və Azərbaycan küçələrində çoxmənzilli binaların, Şıxzamanlı və Məhsəti qəsəbələrində bəzi fərdi yaşayış evlərinin dam örtüklərini yararsız hala salıb.
Tağı Arani küçəsində güclü küləyin təsirindən uçan dam örtüyü binanın qarşısından keçən diametri 100 millimetr olan qaz xəttini zədələyib. Təhlükəsizlik baxımından fəsad aradan qaldırılanadək binada yaşayan 10 abonentin qaz təchizatı dayandırılıb. Bəzi yerlərdə külək nəticəsində sovrulan dam örtükləri ağac budaqlarının qırılmasına, elektrik naqillərinin qopmasına da səbəb olub. Bu da elektrik enerjisinin verilişində fasilələr yaradıb. Bunlarla yanaşı, şəhərin müxtəlif ərazilərində ağaclar aşıb.
Güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində hazırda aidiyyəti qurumlar tərəfindən iş aparılır.