Gülsüm xanım Nərimanovanın həyatından bəhs edən kitabın təqdimatı olub
Bakı, 17 mart, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Aytən İmanovanın “Gülsüm xanım Nərimanova: həyatının naməlum səhifələri arxiv sənədlərində” kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Nəriman Nərimanovun xatirə muzeyində keçirilən tədbirdə əsərin müəllifi Aytən İmanova apardığı tədqiqat işlərindən danışıb. O, Əlyazmalar İnstitutunun şəxsi arxiv fondunda Nəriman Nərimanova məxsus sənədlərin 150-dən çoxunun Gülsüm xanıma aid olduğunu bildirib, onun ictimai fəaliyyətindən söhbət açıb.
İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov kitabın müəllifinin fəaliyyətini, elmi araşdırmalarını yüksək qiymətləndirərək maarifçi Azərbaycan qadınlarının fəaliyyətinin Gülsüm xanım Nərimanovanın simasında təbliğinə görə təşəkkürünü bildirib. Alim Əlyazmalar İnstitutu ilə muzeyin əlaqələrinin tarixindən, birgə əməkdaşlığın səmərəsindən söz açıb.
Əlyazmalar İnstitutunda elmi araşdırma aparan Ankara Universitetinin Türk Tarix Qurumu tədqiqatçısı Elanur Kösə Kızır “XX əsrin əvvəllərində Azərbaycan qadınlarının sosial fəaliyyəti” mövzusunda tədqiqatlarından danışaraq Aytən xanımın tədqiqatının Türk dünyası üçün qiymətli mənbə olduğunu bildirib.
Sonda Nərimanovlar nəslinin layiqli nümayəndəsi, ömrünün çox hissəsini Nəriman Nərimanovun xatirə muzeyinin qorunub saxlanılması, təbliği işinə həsr etmiş Kamilə Hüseynova çıxış edib. O, çıxışında Gülsüm xanım haqqında nənəsi İltifat xanımdan eşitdiyi xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, müəllifə kitabın ərsəyə gəlməsində çəkdiyi əziyyətə görə minnətdarlığını bildirib.
Tədbirdə muzeyin kiçik elmi işçisi Firuzə Ağayevanın Gülsüm xanım Nərimanovanın və onun ailəsinin həyat yolu ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.