Gürcü nazir: Orta Dəhliz üzrə vahid rəqəmsal xidmətlər ekosistemi yaradılmalıdır
Tbilisi, 27 noyabr, AZƏRTAC
Orta Dəhliz üzrə vahid rəqəmsal xidmətlər ekosisteminin yaradılması çox vacibdir. Bu, gecikmələri azaldacaq. Həmçinin hər bir seqmentin inkişafını təmin edəcək mühüm infrastruktura investisiyaların əlaqələndirilməsi lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqı, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionu ölkələrinin nəqliyyat nazirlərinin Daşkənddə keçirilən görüşündə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı ilə bağlı çıxış edərkən söyləyib.
M.Kvrivişvili deyib ki, təşkilatlararası koordinasiyanın gücləndirilməsi, eləcə də tam məlumat şəffaflığının və sinxron əməliyyat planlaşdırmasının təşviqi bu dəhlizin inkişafı üçün vacib amillərdəndir.
“Bu addımlar bizə kollektiv şəkildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizini inteqrasiya olunmuş, səmərəli və dayanıqlı marşruta çevirməyə imkan verəcək. Dayanıqlı “yaşıl nəqliyyatı” təşviq etmək və dəhliz boyunca koordinasiya mexanizmlərini daha da təkmilləşdirmək üçün Gürcüstan harmonizasiya, qarşılıqlı fəaliyyət və inteqrasiya olunmuş məlumat sistemlərinə böyük diqqət yetirir”, - deyə Mariam Kvrivişvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi