Gürcü rəssam: Xocalı həqiqətlərini öyrəndikcə bu faciənin ağrısını ürəyimdə hiss edirdim
Tbilisi, 27 fevral, AZƏRTAC
“Mən əvvəllər Xocalı haqqında eşitməmişdim. Lakin, sonradan öyrəndim ki, qonşu Azərbaycanda soyqırımına məruz qalmış Xocalı şəhəri var. Bu şəhərin əhalisi kütləvi şəkildə qətlə yetirilib. Mən özüm də məcburi köçkünəm. Anadan olduğum Abxaziya indi işğal altındadır. Mən uşaq olsam da, müharibənin dəhşətlərini görmüşəm. Ona görə də Xocalı haqqında da həqiqətləri öyrəndikcə bu faciənin ağrısını ürəyimdə hiss edirdim. Müharibənin dəhşətlərini yenidən yaşamağa başlayırdım”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində qum üzərində rəsm çəkən gənc rəssam Nino Giunaşvili söyləyib.
Nino Giunaşvili Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyindən Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbirə dəvət alıb. Ona bu tədbirdə şüşə üzərində qum ilə Xocalı faciəsindən bəhs edən rəsm çəkmək təklif olunub.
“Təklifi qəbul etdim və şüşə üzərində qum ilə Xocalı faciəsinin dəhşətlərini göstərməyə başladım. Mən 2008-ci ilin avqust müharibəsinin ağrı-acısını yaşamışam. Bu rəsmi çəkərkən, sanki yenidən həmin ağrı-acını yaşayırdım. Ümid edirəm öz hisslərimi tədbir iştirakçılarına çatdıra bildim”.
Qeyd edək ki, gənc rəssam N.Giunaşvii Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirində 20 dəqiqə faciənin dəhşətlərini ərsəyə gətirib. Əsərdə faciəni əks etdirən ağrılı-acılı səhnələrlə yanaşı, azad Xocalı təsvirləri və “Justice for Khojaly” (Xocalıya ədalət) şüarı yer alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi