Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri müzakirə olunub YENİLƏNİB


Tbilisi, 11 mart, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidenti bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparılıb, möhkəm, tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə çatdırıb.
Gürcüstan Prezidenti səmimi salamlarına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Gürcüstanla Azərbaycan arasında münasibətlərin inkişafında parlamentlərin xüsusi rolu vurğulanaraq, iki ölkənin qanunverici orqanları arasında əlaqələrin dövlətlərimiz arasında münasibətlərin ruhuna uyğun olaraq genişlənməsindən məmnunluq ifadə edilib. Sahibə Qafarova martın 10-da iki ölkənin parlamentləri arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətini diqqətə çatdıraraq, bu sənədin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Söhbət zamanı beynəlxalq və regional formatda uğurlu əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana öz minnətdarlığını bildirib.
Həmçinin ölkələrimizin üçtərəfli formatda da uğurlu əməkdaşlıq əlaqələrinin olduğu diqqətə çatdırılaraq, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının həm ölkələrimizə, həm də regiona qazandırdığı faydalar ifadə edilib.
Söhbət zamanı regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Tərəflər regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayıblar.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi